Ana səhifə->Elanlar

27.02.2019, 12:00

Oxunma sayı: 54

Bakı Ali Neft Məktəbində tələbələrin respublika elmi konfransları keçiriləcək

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə (BANM) ənənəvi olaraq hər il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində tələbə elmi-texniki konfransları keçirilir. Konfransların keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramı nümayiş etdirmək, tələbələri elmi-fəaliyyətə cəlb etmək, elmi araşdırmalara maraq göstərən tələbələrə yaradıcı fəaliyyət üçün şərait yaratmaq, yüksəkixtisaslı tələbələrdə elmi fəaliyyətə maraq oyatmaq və onların gələcəkdə peşəkar kadr kimi formalaşmalarına dəstək verməkdir.  

Cari ilin aprel ayında BANM-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbələrin respublika elmi konfransları keçiriləcək. 15-16 aprel 2019-cu il tarixlərində “Kimya və Kimya Mühəndisliyində Perspektivlər” I Respublika Tələbə Elmi Konfransı, 17-18 Aprel 2019-cu il tarixlərində “Keyfiyyətli Enerji, Keyfiyyətli Xidmət” mövzusunda I BANM Respublika Tələbə Konfransı və 18-19 aprel 2019-cu il tarixlərində “Yüksək texnologiyalar – innovativ tətbiqlər” Tələbələrin I Respublika Elmi Konfransı keçiriləcək.

Ekoloji problemlər, polimer, kompozisiya materialları və mütərəqqi materiallar, proqram əsaslı kimya mühəndisliyi, neft və qaz istehsalı texnologiyası, neft-kimya prosesləri, biotexnologiya və əczaçılıq “Kimya və Kimya Mühəndisliyində Perspektivlər” mövzusunda konfransın əsas bölmələrindəndir.

“Keyfiyyətli Enerji, Keyfiyyətli Xidmət” mövzusunda konfrasının əsas bölmələrinə neft çıxarma və nəql etmə proseslərində enerji qoruma texnologiyaları, neft hasilatı sistemlərində ekoloji problemlər və onların həlli yolları, karbohidrogen laylarının işlənməsində multidissiplinar yanaşma, neft-qaz kəşfiyyatında hövzə analizi, quyuların istismarının və layların işlənməsinin təkmilləşdirilməsi vasitəsilə hasilatın optimallaşdırılması və s. aiddir. 

İnformasiya – ölçmə və idarəetmə sistemləri, sistemli analiz və modelləşdirmə, sənaye şəbəkələrində informasiya təhlükəsizliyi, idarəetmə nəzəriyyəsi və robototexnika, vericilər və naqilsiz sensor şəbəkələri, avtomatlaşdırılmış idarəetmə sistemlərinin proqram təminatı, şəbəkələr və bulud texnologiyaları, təsvirlərin və siqnalların emal olunması, Əşyaların İnterneti (İoT), informasiya texnologiyalarının menecmenti və strategiyaları isə “Yüksək texnologiyalar – innovativ tətbiqlər” mövzusunda konfransın əsas istiqamətləridir.

Konfransda iştirak etmək arzusunda olan şəxslər məruzələrini 15 mart 2019-cu il tarixinə qədər BANM-in İnternet səhifəsində (conference-bhos.az) qeydiyyatdan keçməklə təqdim etməlidirlər.

Qeyd edək ki, konfransın işçi dili Azərbaycan, rus və ingilis dilləridir. İngilis dilində təqdim olunmuş məruzələr antiplagiat sistemində yoxlanacaq.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.