02.05.2017, 10:00, Seminarlar, İclaslar

Oxunma sayı: 81

Tədrisin idarə edilməsində proqram təminatının rolu müzakirə olundu

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Tədris-İnnovasiya Mərkəzinin“Tədrisin idarə edilməsində proqram təminatının rolu” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Mərkəzin əməkdaşı Kəmalə Qurbanova məruzəni təqdim edərək bildirdi ki, aparılan araşdırmalara görə, PT haqqında ilk nəzəriyyə 1936-cı ildə ingilis riyaziyyatçısı Alan Turinq tərəfindən təklif olunmuşdur. Proqram mühəndisliyi termini isə ilk dəfə 1968-ci ildə NATO-nun PT-də yaranmış böhranın həllinə diqqəti cəlb etmək məqsədilə keçirilmiş konfransında işlənmişdir. Proqram muhəndisliyi tələb olunan məsələnin həlli üçün PT-nin işlənməsi, istismarı, müşayiəti və istifadə olunması üçün sistemli, nizamlı metodlara malik olan, həmçinin bu yanaşmaların tədqiqatına  yönələn elm sahəsidir.

Azərbaycan Respublikasının təhsil sistemində PT-nin tətbiqi ilə bağlı məlumat verən məruzəçi ölkəmizdə informatika elmi və proqramlaşdırma sahəsinin 60-cı illərdən etibarən formalaşmağa başladığını qeyd etdi. Bildirdi ki, respublikamızda mürəkkəb sistemlərin metodlarının işlənilməsi və müasir standartlara cavab verən mütəxəssislərin hazırlanması  bu sahədə elmi potensialın olduğunu sübut edir.

K.Qurbanovanın sözlərinə görə, respublikamizda  təhsilin modernləşdirilməsi istiqamətində önəmli işlər görülmüş və avtomatlaşmış təhsil sektoru yaradılmışdır. İlbəil artan təcrübəyə əsaslanaraq İKT-nin təhsildə tətbiqi üzrə problemlər araşdırılır, nöqsanlar aradan qaldırılaraq inkişaf etdirilir.

Sonra K.Qurbanova institutun Tədris-İnnovasiya Mərkəzində  PT-dən istifadə ilə bağlı məlumat verdi. O, Mərkəzdə doktorant və dissertantlar üçün informatika fənninin tədrisi məqsədilə kursların təşkil edildiyini dedi. Qeyd etdi ki, burada pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşların sayı 40 nəfərdən çoxdur. Onlar institutun elmi işçiləri və İT  üzrə yüksək ixtisaslı mütəxəssislərdir.

Onun sözlərinə görə, AMEA rəhbərliyinin təşəbbüsü ilə institutun Tədris-İnnovasiya Mərkəzində akademiyanın elmi müəssisələrində imtahanların təşkili işinin təkmilləşdirilməsi məqsədilə “Elektron test sistemi”nin istismarı üzrə təlimlər təşkil olunmuşdur. Burada PT-dən istifadə qaydaları, informasiyanın sistemə daxil edilməsi və nəticələrin əldə olunması barədə zəruri məlumatları özündə əks etdirən  təlimat hazırlanmış və təlim iştirakçılarına təqdim olunmuşdur.

Biliyin elektron test üsulu ilə yoxlanılması və nəticələrin analizindən söz açan məruzəçi təhsil sistemində elektron test üsulu üçün vasitə olan PT-nin funksiyasının üç hissədən ibarət olduğunu dedi. Qeyd etdi ki, buraya məlumat bazasının yaradılması (testlərin və imtahan iştirakçıları haqqında məlumatların daxil edilməsi), yoxlamanın (imtahanın) keçirilməsi və kompüter yoxlamasının nəticələrinin analizi daxildir. Sonda qeyd etdi ki, təhsil sistemində İKT məhsullarının və PT-nin tətbiqi tədrisin metodoloji keyfiyyətinin yüksəldilməsi, biliyin obyektiv qiymətləndirməsi, məlumatlar bazasının yaradılması və istənilən zaman statistik məlumatların əldə edilməsində mühüm rolu vardır.

Məruzə ətrafında müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.