01.06.2017, 14:00, Maraqlı məlumat

Oxunma sayı: 68

AzEduNet şəbəkəsi AzScienceNet şəbəkəsinə qoşulub

Ölkənin 10 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulması təmin olunub.

Məlumdur ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsi AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir.

AzScienceNet dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Avropa Birliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatları əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına, eləcə də ölkəmizdə fəaliyyət göstərən elmi qurumların qabaqcıl texnologiyalar və xidmətlərdən istifadəsinə şərait yaradır.

Şəbəkə ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (Gigabit European Advanced Network Technology – GEANT) milli operator statusunda üzvlüyə qəbul olunmuşdur. AzScienceNet şəbəkəsi GEANT-da ölkəmizi yeganə səlahiyyətli qurum kimi təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurur.

AzScienceNet 2016-cı ildən GEANT assosiasiyası tərəfindən İnternetə 1 Gbit/san sürətlə çıxış imkanı əldə edib ki, bu da yüksəksürətli genişzolaqlı şəbəkə vasitəsilə elmi bazalara çıxışı və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verir. Nəticədə əldə olunan elmi və texnoloji yeniliklər ölkənin elm və təhsil ictimaiyyətinə böyük töhfələr təqdim edir.

21 dekabr 2016-cı il tarixində keçirilən AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin təhsil müəssisələrinin AzscienceNet-in xidmətlərindən istifadəsi məsələsi müzakirə olunmuş, AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında işgüzar əməkdaşlıq əlaqələri qurulmuşdur.

Əməkdaşlıq çərçivəsində hazırda ölkənin 10 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulması təmin olunmuşdur. Bu da həmin ali məktəblərin tələbələri, alim və mütəxəssisləri, doktorant və dissertanlarının AzScienceNet və Data Mərkəzin xidmətləri ilə yanaşı, həm də GEANT beynəlxalq şəbəkəsinin xidmətlərindən istifadəsinə, dünya elminə inteqrasiyasına imkan yaradacaq.

Qeyd edək ki, yaxın gələcəkdə daha bir neçə ali və orta ümumtəhsil məktəbinin AzScienceNet şəbəkəsinə qoşulması nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.