05.07.2017, 12:00, İmtahanlar, Kurslar

Oxunma sayı: 94

Gəncədə informatika fənni üzrə distant formada doktorluq imtahanları keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzindəiyun ayının 20-dən respublika üzrə doktorant və dissertantların İnformatika fənnindən doktorluq imtahanlarına start verilib. Mərkəzdə bu imtahanlara hazırlıq məqsədi ilə cari ilin fevral ayından başlayaraq müxtəlif müddətli kurslar təşkil olunub. Ölkənin regionlarında yaşayan elmi tədqiqatçıların bu kurslarda İnternet üzərindən distant formada iştirakı təmin edilib. Kurslarda tədris proqramına uyğun olaraq zəruri biliklər və praktiki bacarıqlar aşılanıb.

Bu gün Gəncə və ətraf bölgələrdə yaşayan doktorant və dissertantların İnformatika fənnindən distant formada doktorluq imtahanı keçirildi. İmtahanda 70-ə yaxın elmi tədqiqatçı iştirak edirdi.

İmtahan prosesinə həm institutun Distant Tədris Mərkəzində video-müşahidə sistemi vasitəsilə onlayn olaraq, həm də qurumun Gəncəyə ezam olunmuş mütəxəssisləri tərəfindən yerində nəzarət olundu.

Qeyd edək ki, iyulun 7-də Naxçıvan Muxtar Respublikasında yaşayan elmi tədqiqatçılar üçün də imtahan distant formada keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.