07.02.2017, 17:00, Seminarlar, İclaslar

Oxunma sayı: 297

İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd olundu

7 fevral 2017-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Təhlükəsiz İnternet gününə həsr olunmuş elmi seminar keçirildi. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyevtədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bu gün dünyanın müxtəlif ölkələrində Beynəlxalq Təhlükəsiz İnternet gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini vurğulayan alim qeyd etdi ki, əsas məqsəd dünya ictimaiyyətinin diqqətini təhlükəsiz İnternetin təbliği, şəbəkədə maarifləndirmə işlərinin aparılması, uşaq və yeniyetmələr arasında İnternetdən daha təhlükəsiz və məsuliyyətli istifadə məsələlərinə cəlb etməkdir.

İnternet şəbəkəsi təhlükəsizliyi təmininin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirən R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda da bu istiqamətdə tədqiqatların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu vurğuladı.

Sonra Tədris-İnnovasiya Mərkəzinin sektor müdiri Sabirə Ocaqverdiyeva “İnternetdə uşaqların təhlükəsizliyinin təmin olunması mexanizmləri” mövzusunda məruzəsini təqdim etdi. Təhlükələrin mövcudluğunun istər real həyatda, istərsə də onlayn mühitdə problemlərin yaranmasına təkan verdiyini bildirərək uşaqların əksəriyyətinin İnternetdə aldadıldığını, zorakılığa məruz qaldığını, texniki və sosial-psixoloji təhdidlərlə üzləşdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, informasiya məkanının təhlükəsizliyinin təmin olunması, məlumatlandırma və maarifləndirmənin həyata keçirilməsi uşaqların qorunması üçün kifayət etmir. Belə ki, azyaşlı İnternet istifadəçisinə yönəlmiş təhlükələrin qarşısının alınması məqsədilə müxtəlif texnoloji üsullar, mexanizmlər və ya proqram vasitələrindən istifadə olunur.

S.Ocaqverdiyeva valideynlərə uşaqların İnternetdə zərərli saytlardan mühafizəsinə və onları nəzarətdə saxlamağa imkan verən “Windows Family Safety” proqramının üstünlüklərindən söz açdı. Bildirdi ki, proqram vasitəsilə valideyn İnternetdən istifadə zamanı bir sıra səhifələrə qadağa qoya və məhdudiyyətləri tənzimləyə bilər.

O, valideyn nəzarətinin təmin olunmasına xidmət edən “McAfee Family Protection” və “Norton Family” kimi antivirus proqramları vasitəsilə veb-saytlar, sosial şəbəkələr və axtarış saytlarının filtrlənməsinin, məlumatların göndərilməsi və qəbul olunmasına nəzarətin həyata keçirildiyini nəzərə çatdırdı.

“Əgər informasiya hər hansı bir şəxsin kimliyini ortaya çıxarırsa, və ya konfidensial məlumatları deşifrə edirsə, bu zaman informasiya şəxsi təhlükəsizlik üçün bir təhdidə çevrilir. Sənədləri dərc etməzdən əvvəl konfidensial məlumatlar üzərində müxtəlif “təmizləmə” əməliyyatlarının (verilənlərin sanitarizasiyası) aparılması zərurəti yaranır”, – deyə S.Ocaqverdiyeva bildirdi. Sanitarizasiya metodu, sanitarizasiyanın həyata keçirilməsi üsulları, uşaqların smartfonda məşğuliyyətlərini izləmək üçün mövcud proqramlardan danışdı, müxtəlif ölkələrdə uşaqların təhlükəsizliyinin təmin edilməsinə dair rəsmi sənədlər barədə məlumatı diqqətə çatdırdı.

Uşaqların İnternetdə təhlükəsizliyinin təmin olunmasına dair qanunvericilik bazasından söz açan məruzəçi 21 aprel 2000-ci ildə ABŞ-da qəbul edilmiş “The Children’s Online Privacy Protection Act” haqqında məlumat verdi. Qanunun valideynlərə elektron mühitdə uşaqlara zərər verə biləcək informasiyadan onları qorumaq üçün səlahiyyətlər verdiyini bildirdi. Qeyd etdi ki, qanuna görə, uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə veb-provayderlərin riayət etməsi üçün qayda və təlimatlar hazırlanmışdır.

S.Ocaqverdiyeva AR Prezidenti İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnformasiya Cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz İnternet” mexanizminin işlənilməsi və tətbiqinin nəzərdə tutulduğunu bildirdi.

Məruzəçi uşaqların elektron mühitdə təhlükəsizliyinin texnoloji, hüquqi-psixoloji və s. yanaşmalar vasitəsilə təmin olunmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, virtual məkanda uşaqların qorunması ilə bağlı müxtəlif mexanizmlərin işlənməsi və mövcud mexanizmlərin təkmilləşdirilməsi zəruridir.

“Təhlükəsiz İnternet günündə həyata keçirilən tədbirlər” haqqında məruzə ilə institutun Beynəlxalq əlaqələr şöbəsininəməkdaşı Aysel Əliyeva çıxış edərək Təhlükəsiz İnternet gününün hər il dünyanın bir çox ölkələrində qeyd olunduğunu bildirdi.  Onun sözlərinə görə, cari ildə “Dəyişin: Daha yaxşı internet üçün birləşin” şüarı altında keçirilən bu gündə mediada maarifləndirmə işləri aparılır, xüsusi televiziya proqramları hazırlanır, uşaqlar üçün yarışlar təşkil olunur. Həmçinin bu sahədə aparıcı şəxslər, xüsusilə valideynlər, şagirdlər, tədqiqatçılar və mütəxəssislərlə görüşlər təşkil olunur, onlayn təhlükəsizlik sahəsində əldə olunan araşdırmaların nəticələri nəşr olunur.

Məruzəçi bu günə diqqət cəlb etmək məqsədilə Birləşmiş Krallığın Təhlükəsiz İnternet Mərkəzinin “Childnet İnternational” təşkilatı ilə birgə təhsil paketləri təsis etdiyini vurğuladı. Təhsil paketlərinin yaşa görə qruplaşdırıldığını söyləyən A.Əliyeva buraya dərs planları, posterlər, təqdimatlar və digər fəaliyyət növlərinin daxil edildiyini diqqətə çatdırdı.

A.Əliyeva bu istiqamətdə maarifləndirici veb-saytların da fəaliyyət göstərdiyini bildirərək burada metodologiyalar vasitəsilə uşaqların rifahını yaxşılaşdırmaq üçün bir sıra tədbirlərin həyata keçirildiyini qeyd etdi.

İnstitutun böyük elmi işçisi Nəzakət Məlikova “Uşaq və yeniyetmələrin İnternet-asılılığın psixometrik analizi” mövzusunda məruzə ilə çıxış edərək İnternet-asılılığın uşaqlar və yeniyetmələr üçün səciyyəvi tipləri, doğurduğu fəsadları müəyyən etmək üçün istifadə olunan metodlar və s. barədə ətraflı məlumat verdi.

İnternet-asılılığın bir sıra amillərdən asılı olduğunu söyləyən məruzəçi burada psixoloji faktorun xüsusi rola malik olduğunu söylədi. Onun sözlərinə görə, internetdən asılı olan uşaq və yeniyetmələrin psixoloji durumunu qiymətləndirmək üçün psixoloji təhlil aparılmalı, psixoloji durum müəyyən olunmalıdır.

N.Məlikova psixoloji tədqiqatların müşahidə, eksperiment, modelləşmə, statistik, müsahibə və ya sorğu, o cümlədən psixodiaqnostik metodlarını təqdim etdi, İnternet-asılılığın səviyyəsini müəyyən etmək üçün psixometrik təhlilin aparılmasının zəruriliyini vurğuladı.

O, həmçinin uşaqların İnternet-asılılığını loq-fayllar vasitəsilə müəyyən etməyin mümkünlüyünü qeyd edərək veb-serverlərdə toplanan loq-faylların serverin işi və istifadəçilərin davranışları haqqında informasiyanı özündə ehtiva etdiyini diqqətə çatdırdı.

Sonda N.Məlikova bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, keçirilən konfranslar barədə məlumat verdi.

Məruzələr ətrafında geniş müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.