23.10.2017, 09:50, Mühüm hadisələr

Oxunma sayı: 310

İnstitut əməkdaşları üçün ingilis dili kursları təşkil ediləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında bu qurumun əməkdaşları üçün ingilis dili kurslarının təşkil edilməsi ilə bağlı müzakirələr aparıldı. Bu barədə çıxış edən institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev bu kursların təşkilini zəruri edən amillərdən danışdı. Bildirdi ki, hazırda ingilis dilini fərdi şəkildə öyrənməyin çətinliyi, əlavə vaxtın tələb olunması, davamlılığın təmin olunmaması və s. əsas problemlərdəndir.

AMEA prezidenti, akademik Akif Əlizadənin akademiyanın institut və təşkilatlarında ingilis dili kurslarının təşkilinə xüsusi önəm verdiyini qeyd edən V.Musayev İnformasiya Texnologiyaları İnstitutunda da bu istiqamətdə bir sıra layihələrin həyata keçirildiyini, ingilis dilində seminarların, danışıq klublarının təşkil edildiyini qeyd etdi. 

Bu tədbirlərin davamı olaraq görüləcək işlərdən danışan V.Musayev bildirdi ki, institutda ingilis dilinin tədrisi üçün dərslər, danışıq saatları və dərsdənkənar fəaliyyətlər nəzərdə tutulur. Məruzəçi bu kursların təşkili üçün komandanın da formalaşdığını diqqətə çatdırdı.

O, həmçinin kurslarda istifadə olunacaq dərsliklər, faydalı veb-saytlar və dərsdənkənar fəaliyyətlər haqqında məlumat verdi.

Məruzə ilə bağlı müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.