07.05.2018, 17:10, Seminarlar, İclaslar

Oxunma sayı: 297

Daktil əlifba jestlərinin avtomatik mətnə çevrilməsi üsulları araşdırılır

Ümumdünya Karlar Federasiyasının məlumatlarına əsasən, dünyada yalnız jest dilində ünsiyyət quran təxminən 72 milyon eşitmə qüsurlu insan yaşayır. Azərbaycanda bu insanların sayı 10 mini ötür.

Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin əməkdaşı Kəmalə Qurbanova “Daktil əlifba jestlərinin avtomatik mətnə çevrilməsi: statik və dinamik jestlər” mövzusuna həsr olunmuş seminarında çıxışı zamanı səsləndirib.

“Müasir informasiya texnologiyalarının əhəmiyyətli metodlarından biri də eşitmə qüsuru olan insanların təlimi, təhsili və kommunikasiyası üçün yeni kompüter sistemlərinin yaradılması ilə bağlıdır”, – deyə bildirən məruzəçi eşitmə qüsuru olan insanlar üçün insan-maşın interfeysi ilə təchiz edilmiş avtomatik surdotərcümələr sisteminin yaradılmasının əhəmiyyətindən danışdı.

K.Qurbanova bildirdi ki, jest nitqi əsas semantik vahidi olan jestə əsaslanır. Jestlərin statik və dinamik jestlərə ayrıldığını söyləyən məruzəçi onların tanınması sistemlərindən danışdı. Onun sözlərinə görə, jestləri kompüterdə simvollara çevirən “Fingual” sistemi xüsusi proqram təminatı ilə təhciz edilmiş kompüter və hər barmağın ucunda bərkidilmiş maqnit tənzimləyicidən ibarət informasiya əlcəyidir. Jestləri tanıyan, jesti mətnə və canlı  nitqə çevirən “Kinect” texnologiyası isə eşitmə qüsurlu insanlar üçün jest dilinin ABŞ, Çin variantlarını dəstəkləyir və sözləri jestlərə,  jestləri sözlərə tərcümə edərək ekranda nümayiş etdirir.

O, həmçinin jestlərin tanınmasının vizual metodları olan statistik, metrik metodlar və əlin əsas, açar xarakteristikalarının hesablanması üsulu ilə jestin tanınması metodu barədə məlumat verdi.

K.Qurbanova daktil əlifbasının əl barmaqlarının müxtəlif vəziyyətləri vasitəsilə nitqi təşkil edən sözlərin hərflərini canlandırdığını bildirdi, bu əlifbada istiqamətləndirici nişanlar və baş hərflərin mövcud olmadığını diqqətə çatdırdı.

Məruzəçi daktil əlifbasının hərfin işarələrinə oxşarlığına əsasən qurulduğunu deyərək Azərbaycan daktil əlifbasında 8-i dinamik, 24-ü statik olmaqla 32 jestin mövcud olduğunu vurğuladı.

K.Qurbanova ABŞ-ın jest dilinin əlifbasının sənədləşməsi üçün “SignWriting” işarələr sisteminin istifadə olunduğunu, burada əlin 261 konfiqurasiyasının qeydə alındığını bildirdi, rus daktil əlifbasında onlardan 26-sının istifadə edildiyini nəzərə çatdırdı.

Jest dilinin mətnə avtomatlaşdırılmış tərcüməsinin məhdud imkanlı insanlar üçün əhəmiyyətli məsələlərdən olduğunu deyən məruzəçi qeyd etdi ki, jest dilinin avtomatik tərcüməsinə əlin hərəkətinin izlənməsi, göstərilmiş jestlərin ardıcıl tanınması və mətn formasında təsviri daxildir. 

Onun sözlərinə görə, bu proqramların yaradılması əhəmiyyətli sosial qiymətə malikdir və məhdud imkanlı şəxslərin cəmiyyətə uyğunlaşmasına təkan verir.

Sonda K.Qurbanova bildirdi ki, müasir dövrdə əlavə proqram təminatı kimi jestin aşkar edilməsi, izlənməsi və əlin analizi alqoritmləri təkmilləşdirilir, işin məhsuldarlığı və sürətinin artırılması üçün tədqiqatlar genişləndirilir. Jest hərəkətlərinin mənasını və onun emosional qiymətini təyin edən daha geniş imkana malik sistemlər qurulur.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.