11.07.2018, 10:00, Seminarlar, İclaslar

Oxunma sayı: 316

Tədris-İnnovasiya Mərkəzinin yarımillik hesabatı dinlənildi

Hesabatı təqdim edən, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova əvvəlcə mərkəzdə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verərək bildirdi ki, fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi ilə bağlı tədqiqatlar yekunlaşdırılmış və dissertasiya işi müdafiə olunmuşdur.

R.Mahmudova həmçinin mərkəzdə intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyası və jest informatikası istiqamətində aparılan elmi  araşdırmalar haqqında məlumat verdi. Mərkəzin rəhbəri araşdırmaların nəticələri əsasında bir neçə məqalənin nəşr olunduğunu və bir icmalın hazırlandığını qeyd etdi.

O, bildirdi ki, şöbə əməkdaşları tərəfindən təhsilin modernləşdirilməsində, insan kapitalının keyfiyyətinin yüksəldilməsində intellektual oyunların rolu və tədrisyönümlü oyunlardan istifadə etməklə bəzi problemlərin həlli yolları ilə bağlı tezislər hazırlanmış və elmi-praktiki konfranslarda məruzə olunmuşdur.

Mərkəzin elmi-innovasiya fəaliyyəti haqqında məlumat verən R.Mahmudova doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu, regionlarda yaşayan doktorant və disertantlar üçün İnformatikadan distant dərslər və imtahanların təşkili ilə bağlı görülmüş işləri diqqətə çatdırdı. Qeyd etdi ki, hər il olduğu kimi, bu il də institutda ali məktəb tələbələri arasında informatika üzrə növbəti Ümumrespublika Olimpiadasının final mərhələsi təşkil olunmuşdur.

TİM-in rəhbərinin sözlərinə görə, AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün ümumi fənnlər üzrə dərs və imtahanların təşkili, institutun doktoranturasına qəbul və doktorantların ixtisas imtahanlarının keçirilməsi elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlər sırasındadır.

R.Mahmudova doktorant və dissertantlara kömək məqsədi ilə “İnformatika” fənni üzrə 421 səhifədən ibarət test toplusunun və tədris olunan kompüter proqramları ilə işləmək üçün praktiki dərs vəsaitinin hazırlandığını da diqqətə çatdırdı.

Məruzəçi, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və elmmetrik göstəricilərə dair ətraflı məlumat verdi.

Yarımillik hesabat ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.