06.07.2018, 12:00, Seminarlar, İclaslar

Oxunma sayı: 303

Məktəb informatikasına dair beynəlxalq təcrübə araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti elmi seminarı keçirildi. “Məktəb informatikası: xarici təcrübə” mövzusunda məruzə ilə çıxış edən institutun dissertantı Bahar İsmayılova məktəb informatikasının inkişaf tendensiyaları haqqında məlumat verdi. Bildirdi ki, son illər məktəb informatikasında əsas diqqət alqoritmlər, verilənlərin strukturu, bazaları  kimi sahələrin tədrisinə yönəldilib, bir çox ölkələrdə bu istiqamətdə təşəbbüslər və layihələr həyata keçirilib.

Məruzəçi bu sahədə ABŞ təcrübəsindən danışaraq kompüter texnologiyaları ilə bağlı elmlərin tədrisini dəstəkləyən və təbliğ edən “The Computer Science Teachers Association” və “Kentucky Science Teachers Association” təşkilatlarının müəllim və şagirdlərin kompüter elmlərini daha dərindən mənimsəməsinə imkan yaratdığını diqqətə çatdırdı.

O, həmçinin qeyd etdi ki, ABŞ-da informatika ölkənin əksər məktəblərinin tədris planına məcburi bir fənn kimi daxil edilmir, bir çox ştatlarda isə, informatikanın tədrisi üçün vahid standart mövcud deyil. B.İsmayılova ABŞ-da son beş il ərzində orta məktəbdə informatika kurslarında ciddi azalmanın müşahidə olunduğunu, informatikanın müstəqil bir fənn kimi tədris olunduğu məktəblərin sayının 2005-ci ilə nisbətən 2009-cu ildə 17%, bu fənn üzrə kursların sayının isə 35%  azaldığını diqqətə çatdırdı.

Məruzəçi Böyük Britaniya təcrübəsini təqdim edərək “The Royal Academy of Engineering” tərəfindən təqdim olunan hesabat barədə məlumat verdi. Onun sözlərinə görə, hesabata əsasən, B.Britaniyada məktəblərin maddi-texniki bazası yenilənməli, müvafiq texniki resurslarla təchiz olunmalı, şəbəkə təhlükəsizliyi təmin edilməli, eləcə də biliyi qiymətləndirmə üsulları yenidən nəzərdən keçirilməlidir.

B.İsmayılova Avropanın bir çox ölkələrində informatika fənninin tədrisində çatışmazlıqların mövcud olduğunu vurğuladı, bu istiqamətdə layihələr, müvafiq tədbirlər və təkliflərin təqdim olunmasının zəruriliyini bildirdi.

O, həmçinin məktəb informatikası sahəsində Fransa və İsrail təcrubəsini diqqətə çatdıraraq bu sahə üzrə keçirilən beynəlxalq konfranslar, ixtisaslaşmış jurnallar haqqında məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.