05.07.2018, 17:00, İmtahanlar, Kurslar

Oxunma sayı: 77

Gəncədə informatika fənni üzrə distant formada doktorluq imtahanı keçirildi

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli qərarına əsasən, respublika üzrə doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində iyun ayının 21-dən respublika üzrə doktorant və dissertantların informatika fənnindən doktorluq imtahanlarına start verilib. Mərkəzdə bu imtahanlara hazırlıq məqsədi ilə cari ilin fevral ayından başlayaraq müxtəlif müddətli kurslar təşkil olunub. Kurslarda tədris proqramına uyğun olaraq zəruri biliklər və praktiki bacarıqlar aşılanıb. Ölkənin regionlarında yaşayan elmi tədqiqatçıların bu kurslarda İnternet üzərindən distant formada iştirakı təmin edilib.

İyulun 4-də Gəncə və ətraf bölgələrdə yaşayan doktorant və dissertantların İnformatika fənnindən distant formada doktorluq imtahanı keçirildi. İmtahanda 40-a yaxın elmi tədqiqatçı iştirak edirdi.

İmtahan prosesinə həm institutun Distant Tədris Mərkəzində video-müşahidə sistemi vasitəsilə onlayn olaraq, həm də qurumun Gəncəyə ezam olunmuş mütəxəssisləri tərəfindən yerində nəzarət olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.