11.09.2018, 15:50, Mühüm hadisələr

Oxunma sayı: 247

Yaponiyada “Beynəlxalq İnformatika Olimpiadası 2019”un bayrağı Azərbaycana təqdim olunub

Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) başa çatıb.

Yaponiyanın Təhsil, Elm, Mədəniyyət, İdman və Texnologiyalar Nazirliyinin məsul işçilərinin, bir sıra nüfuzlu ictimai təşkilat və şirkət rəhbərlərinin qatıldıqları bağlanış mərasimində olimpiada iştirakçılarının mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın Azərbaycanda keçiriləcəyi elan edilib. Təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı ölkəmizin təhsil nazirinin müavini Firudin Qurbanova təqdim olunub.

Tədbirdə çıxış edən F.Qurbanov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və Yaponiya hökumətinə təşəkkürünü bildirib. Nazir müavini iştirakçıları gələn il ölkəmizdə keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəvət edib, Azərbaycanla bağlı məlumatları onların diqqətinə çatdırıb.

Sonra ölkəmiz haqqında qısa film nümayiş etdirilib.

Beləliklə, 2019-cu ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda təşkil olunacaq.

Yaponiyada keçirilən olimpiadada ölkəmizin milli komandası üzvlərinin nəticələri əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb. Şagirdlər foruma Respublika Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində Təhsil Nazirliyi və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar.

Respublikamız bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

AZƏRTAC