05.12.2018, 15:00, Mühüm hadisələr

Oxunma sayı: 268

İnstitut əməkdaşının həmmüəllifi olduğu layihə “Bakutel-2018” sərgisində nümayiş olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm-kompüter şəbəkəsinin əməkdaşı Aydın Qurbanlının “Gonex” layihəsi Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018”də nümayiş olunur.

A.Qurbanlının Bakı Mühəndislik Universitetinin İnformasiya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Adil Qafarlı ilə birgə hazırladığı, sərgi iştirakçıları tərəfindən böyük marağa səbəb olan “Gonex” layihəsi gənclərə informasiya texnologiyaları sahəsində real iş imkanları təklif edən, onların virtual layihələrlə işləyib təcrübə qazanmasına kömək edən platformadır. Gənclər bu layihədə fəaliyyət göstərərək öz portfoliolarını qururlar. Layihənin əməkdaşlıq etdiyi şirkətlər bu platforma vasitəsilə gənclərlə əlaqə saxlayaraq onlara iş imkanları təklif edirlər.

Qeyd edək ki, builki sərgidə dünyanın 20 ölkəsindən 230-dək şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, İnternet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri yer alır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.