25.02.2019, 10:15, Mühüm hadisələr

Oxunma sayı: 261

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 85 yaşı tamam olur

Bu gün Azərbaycan geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin 85 yaşı tamam olur.

Akademik Akif Əlizadə 85 illik ömür yolunu şərəflə, ləyaqətlə keçərək böyük alim və ictimai xadim, bacarıqlı təşkilatçı, həqiqi ziyalı, qayğıkeş və təvazökar insan kimi yüksək keyfiyyətləri və xüsusiyyətləri özündə cəmləşdirmiş, mənalı ömrünü Azərbaycanın geologiya elminə həsr etmişdir.

Alim öz fəaliyyəti ilə Azərbaycanın geologiya elminə mühüm töhfələr vermişdir. Onun təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərinə həsr olunmuş elmi tədqiqatları, bütövlükdə, dünya elmi üçün mühüm əhəmiyyət kəsb edir. Əldə etdiyi elmi nailiyyətləri praktikada müvəffəqiyyətlə tətbiq edilməkdədir.

A.Əlizadə uzun müddətdir ki, AMEA-nın Geologiya İnstitutuna uğurla rəhbərlik edir. Onun rəhbərliyi ilə bu institut böyük nüfuz qazanmış, mühüm elmi nailiyyətlər əldə etmiş, Azərbaycanın mədən sənayesinin, neft-qaz sektorunun inkişafı üçün misilsiz xidmətlər göstərmişdir.

A.Əlizadənin AMEA-nın prezidenti kimi yüksək məsuliyyətli və yorulmaz fəaliyyəti Azərbaycan elminə yeni nəfəs, canlanma gətirmişdir. Akademiyada alimin yüksək təşkilatçılıq qabiliyyəti, yenilikçi təfəkkürü sayəsində Azərbaycan dövlətinin maraqlarına, müasir beynəlxalq çağırışlara uyğun olaraq yeni elmi istiqamətlərə, multidissiplinar tədqiqatlara, alim və mütəxəssislərin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət artırılmış, maddi-texniki bazasının modernləşdirilməsi, elektron elmin formalaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Akademikin təşəbbüsü sayəsində elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək məqsədilə AMEA-da magistratura təhsili pilləsi yaradılmışdır. Apardığı islahatlar və gənclərin elmə cəlb olunması, onlara göstərdiyi yüksək diqqət və qayğı Akademiyanın gələcəyinə böyük inam yaradır.

Akif Əlizadə bir ziyalı, vətəndaş kimi ölkədəki ictimai-siyasi proseslərdə fəal olmuş, milli maraqlara xidmət etmiş, həmişə Azərbaycan dövlətinin və xalqının yanında olmuşdur.

Akademik Akif Əlizadəni 85 illik yubileyi münasibətilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından ürəkdən təbrik edir, elmi-təşkilati ictimai fəaliyyətinin uğurla həyata keçirilməsində, həmçinin şəxsi həyatında müvəffəqiyyətlər və möhkəm can sağlığı arzulayırıq.