12.04.2019, 16:10, Seminarlar, İclaslar

Oxunma sayı: 62

Doktorantura təhsili üzrə Milli İdarəetmə Portalının təqdimatı keçirildi

Aprelin 12-də “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi – “Nizami” layihəsinin yekunlarına həsr olunan tədbirdə doktorantura təhsili üzrə Milli İdarəetmə Portalının təqdimatı keçirildi.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə yaradılmış portalı AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi b.ü.f.d.Esmira Əlirzayeva təqdim etdi.

O, bildirdi ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın əsas məqsədi mövcud məlumatlara əlyetərliliyin artırılması istiqamətində dövlət siyasətinə dəstək verilməsi və Azərbaycanda təhsil alan bütün doktorantlar haqqında məlumatların bir bazada cəmləşdirilməsidir. Sistemin Fransanın Monpelye Universitetində mövcud olan portal əsasında yaradıldığını deyən E.Əlirzayeva doktorantlar və elmi rəhbərlərin qeydiyyatdan keçərək məlumatlarını yerləşdirməsi prosesini izah etdi.

E.Əlirzayeva doktorantların hər il keçdikləri attestasiyanın nəticələrinin sistemdə öz əksini tapacağını və doktorantlar müdafiə etdikdən sonra belə onlar haqqında məlumatların portalda saxlanılacağını bildirdi.

İdarə rəisi, həmçinin qeyd etdi ki, burada ölkəmizdə doktorantura təhsil sistemi ilə bağlı mövcud rəsmi sənədlər, doktoranturaya qəbul olmaq iddiasında olan şəxslərin hüquq və vəzifələri haqqında məlumatlar yer alıb.

Onun sözlərinə görə, AMEA-nın bütün elmi qurumlarında bu portala məsul şəxslər fəaliyyət göstərəcək. E.Əlirzayeva sistemin, həmçinin xaricdə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulduğunu dedi, portalda doktorantların işlə təmin olunması üçün imkanların təqdim edildiyini vurğuladı.

Sonda məruzəçi plagiatlığın qarşısının alınması və şəffaflığın təmin olunması üçün doktorantların avtoreferatlarının elektron variantlarının portalda yerləşdirilməsinin planlaşdırıldığını nəzərə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.