04.06.2019, 15:30, Seminarlar, İclaslar

Oxunma sayı: 34

İnklüziv cəmiyyətin qurulmasında informasiya-kommunikasiya texnologiyalarının rolu araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzininnövbəti elmi seminarı keçirildi. Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və mərkəzin baş mütəxəssisi Kəmalə Qurbanovanın həmmüəllifi olduqları “İnklüziv cəmiyyətin qurulmasında informasiya - kommunikasiya texnologiyalarının rolu” mövzusunda məruzəni K. Qurbanova təqdim etdi.

“İnklüziyanın əsasında daxil edən cəmiyyət ideyası dayanır. Bu o deməkdir ki, irqindən, dini mənsubiyyətindən, mədəniyyətindən, sağlamlıq imkanlarından və s. asılı olmayaraq istənilən şəxs ictimai münasibətlərə qoşula bilər.  Sosial inklüziya fərdin və ya qrupun ictimaiyyətə aid olma hissini gücləndirir, sosial inteqrasiyaya gətirib çıxarır”, – deyə bildirən məruzəçi inklüziya ideyası, onun mahiyyəti və tarixi haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, inklüziv cəmiyyət insanları fərqləndirmədən hamıya hörmətlə yanaşır, ayrı-seçkilik qoymadan hər kəsi müdafiə edir, problemli və ya problemsiz olmasına baxmayaraq bütün insanları özündə birləşdirir.

K.Qurbanova qeyd etdi ki, inklüziv cəmiyyətin formalaşmasının mühüm şərtlərindən biri hər bir insanın məxsusi potensialının formalaşmasında və inkişafında mühüm rol oynayan məktəblərin, təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində effektiv strategiyaların hazırlanması və həyata keçirilməsidir: Cəmiyyətin hər bir üzvünün təhsil alması üçün bərabər imkanların yaradılması sosial bərabərliyin əsasını təşkil edir.

Hamı üçün bərabər təhsilin reallaşdırılması ideyasının bir sıra beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapdığını diqqətə çatdıran məruzəçi bildirdi ki, bu sənədlərin qəbul edilməsində məqsəd əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə yanaşı, onların sağlam insanlarla bərabər fəal şəkildə ictimai həyatda iştirakı üçün mövcud məhdudiyyətlərin aradan qaldırılmasıdır.

İnklüziv mədəniyyətin yaradılması, inklüziv siyasətin işlənib hazırlanması, inklüziv təcrübənin inkişaf etdirilməsi kimi bu təhsilin inkişafının üç aspektini diqqətə çatdıran məruzəçi inklüziv təhsilin  müxtəlif prinsipləri, eləcə də mövcud çatışmazlıqlar barədə məlumat verdi.

K.Qurbanovanın sözlərinə görə, inklüziyanın tətbiqi üçün yalnız tam təchiz edilmiş, əlillər üçün uyğunlaşmış məktəblərin, təşkilatların və təlim keçmiş kadrların olması  kifayət deyil. İnklüziv təhsilə sistemli yanaşma nəticəsində xüsusi təhsil müəssisələrinə daxil olan uşaqların sayında real azalma, inklüziv məktəblərin inkişaf sürətində isə artım müşahidə olunacaq.

O, həmçinin sağlamlıq məhdudiyyəti olan dahi şəxsiyyətlərdən söz açdı, Azərbaycanda  inklüziv təhsilin hüquqi əsasları, “2018-2024-cü illərdə AR-də sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əsas vəzifələrini, bu proqramın həyata keçirilməsi üzrə tədbirlər planını diqqətə çatdırdı.

Məruzəçi inklüziv təhsilin reallaşmasında informasiya texnologiyalarının mühüm rol oynadığını qeyd edərək sağlamlıq imkanları məhdud  insanlar  üçün hazırlanmış müxtəlif texniki vasitələr və proqram təminatları, onların təyinatı haqqında məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.