27.08.2019, 11:50, Maraqlı məlumat

Oxunma sayı: 23

“İnternetin atası” Vinton Qrey Serf

İnformasiya sistemləri üzrə amerikalı mütəxəssis Vinton Qrey Serf daha çox “internetin atası” kimi tanınır.

ABŞ Milli Mühəndislik Akademiyasının, həmçinin 2006-cı ildən London Kral Cəmiyyətinin əcnəbi üzvüdür.

O, 2004-cü ildə Türinq mükafatına layiq görülüb.

Orta təhsilini Los Ancelesdə alan Serf daha sonra Stanford Universitetinə daxil olub. 1965-ci ildə bakalavr pilləsi üzrə təhsilini başa vuran gənc riyaziyyatçı dünyanın ən böyük aparat və proqram təminatı, habelə İT və konsaltinq xidmətləri üzrə ixtisaslaşan şirkətlərindən biri, IBM-də çalışmağa başlayıb. Burada QUIKTRAN proqramlaşdırma dilinin hazırlanmasında yaxından iştirak edib.

Kaliformaniya Universitetində “İnformatika” ixtisası üzrə magistr və elmlər doktoru alimlik dərəcəsi alan Serf elmi tədqiqatlarını məşhur amerikalı alim, professor Leonard Kleynrokun rəhbərliyi altında aparıb.

 Daha sonra Vinton Qrey Serf Stanford universitetində pedaqoji fəaliyyətə başlayır.

“İnternetin atası” 1976-1982-ci illərdə ABŞ Müdafiə Nazirliyi tərkibindəki Yüksək səviyyəli Müdafiə Araşdırma Layihələri Agentliyində (DARPA), daha sonra MCI Inc. və Milli Araşdırma Təşəbbüsləri Korporasiyasında (CNRI) çalışıb, beynəlxalq domen adlarının inkişafı və tətbiqi üzrə IETF komitəsinə rəhbərlik edib.

Zəif eşitmə problemi olan Serf 1997-ci ildə karlar və eşitmə əlili olan tələbələr üçün fəaliyyət göstərən dünyanın yeganə universiteti – Qallodet Universitetinin rəhbərlərindən biri olur.

Vinton Qrey Serf 2005-ci ilin sentyabrından Google şirkətinin vitse-prezidenti, 2012-ci ildə isə, iki il müddətinə Hesablama Texnikası Assosiasiyasının (ACM) prezidenti seçilib.

O, həmçinin, Heydərabad Beynəlxalq İnformasiya Texnologiyaları İnstitutunun 15 nəfərdən ibarət İdarə Heyətinin üzvüdür.

 “İnternetin atası” əldə etdiyi uğurlara görə EFF Pioneer Award, C&C Prize, The Internet Hall of Fame, SIGCOMM Award, “Benjamin Franklin” medalı və başqa bu kimi bir çox beynəlxalq səviyyəli mükafatlara layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.