21.11.2019, 12:00, Seminarlar, İclaslar

Oxunma sayı: 40

Elektron mühitdə pasiyentlərin fərdi məlumatlarının mühafizəsinin aktual problemləri araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti elmi seminarı keçirildi. “Elektron mühitdə pasiyentlərin fərdi məlumatlarının mühafizəsinin aktual problemləri” mövzusunda məruzəni təqdim edən institutun baş mütəxəssisi Kəmalə Qurbanova qeyd etdi ki, son illərdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) səhiyyəyə nüfuz etməsi nəticəsində tibbi informasiya sistemləri (TİS), eləcə də tibbi sosial media (TSM) yaranıb və elektron mühitdə pasiyentlərin fərdi məlumatlarının mühafizəsini aktual edib.

Səhiyyə sistemində vahid informasiya fəzasının yaradılmasıdan danışan məruzəçi bildirdi ki, TİS-in təkmilləşdirilməsi səhiyyənin inkişafının strateji istiqamətlərindən biridir və fərdi məlumatların toplandığı elektron tibb kartı e-tibbin baza elementidir. Pasiyentin elektron tibb kartı və ya elektron sağlamlıq kartı onun doğum günündən başlayaraq doldurulur və bu proses onun bütün həyatı boyu davam edir.

K.Qurbanova tibbi informasiya sistemlərində fərdi məlumatların qorunması problemlərindən bəhs etdi. Qeyd etdi ki, pasiyentlərin fərdi məlumatlarının toplandığı TİS tibb işçilərinin informasiya əldə etmək üçün müraciət etdiyi mənbədir.

Onun sözlərinə görə, pasiyentlər haqqında informasiya, tibbi müayinə və müalicə məlumatlarının operativ şəkildə əldə olunması, uzun müddət ərzində toplanan məlumatların arxivləşdirilməsi, analitik və hesabat məlumatlarının operativ əldə olunması, tibbi sığortanın yaradılması TİS-in yaratdığı imkanlar sırasına daxildir. TİS-in digər proqram məhsullarından əsas fərqi şəxsi və məxfi məlumatları saxlaması və emal etməsidir.

“Vətəndaşların konstitusiya hüququ ilə informasiya sistemlərində mövcud olan fərdi məlumatların məxfiliyinin qorunması, informasiyanın itkisi, təhrif olunması və saxtalaşdırılmasının qarşısının alınması, fərdin, cəmiyyətin və dövlətin məlumatlarının təhlükəsizliyinə təhdidlərin qarşısının alınması, eləcə də məlumatı silmək, təhrif etmək və surətini çıxarmaq üçün icazəsiz hərəkətlərin, minformasiya mənbələri və sistemlərinə müxtəlif qanunsuz müdaxilələrin qarşısının alınması TİS-də fərdi məlumatların qorunması prosesindəki əsas tədbirlərdəndir”.

Tibbi sosial mediada fərdi məlumatların yayılması prosesindən danışan məruzəçi qeyd etdi ki, TSM insanların müxtəlif tibbi virtual qrup, bloq, forum və şəbəkələrdə sosiallaşmasıdır.

K.Qurbanova TSM-nın həkimlərə, pasiyentlərə yaratdığı imkanlar barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, tibbi sosial mediada fərdi məlumatların yayılması probleminin aradan qaldırılması üçün 80-dən çox tibb ixtisasını və 18 mindən çox həkimi əhatə edən “healthcaremagic.com” tibbi sosial şəbəkəsinin təhlükəsizlik siyasətindən yararlanmaq olar.

Sonda məruzəçi bildirdi ki, TİS-in səhiyyənin inkşafında əvəzolunmaz faydası olmasına baxmayaraq qeyri-peşəkar istifadəçilər tərəfindən fərdi məlumatların təhrif olunmasına və TSM istifadəçilərinin sayının fasiləsiz artması fərdi məlumatların yayılmasına səbəb olur. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün elektron mühitdə tibbin normativ-hüquqi bazasının formalaşdırılması, proqram-texniki bazasınn təkmilləşdirilməsi, peşəkar kadrların hazırlanması, fərdi tibbi məlumatların online mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində yeni texnologiyaların və proqram təminatının formalaşması məsələlərinin araşdırılması zəruridir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.