29.11.2019, 11:10, Mühüm hadisələr

Oxunma sayı: 48

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış oldu

Noyabrın 29-da “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında iştirak edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazası və elmi-tədqiqat müəssisəsində yaradılan şəraitlə yaxından tanış oldu.

AMEA İTİ-nin direktoru, akademik Rasim Əliquliyev qurumun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırdı.

O, institutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə müvafiq aparıldığını qeyd etdi. Bildirdi ki, informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin həlli, müxtəlif elmi-nəzəri əsasların dərindən öyrənilməsi, əldə edilən biliklərin, yeni ideya və həllərin cəmiyyətə inteqrasiyası, yüksək nəticələrin əldə edilməsi məqsədlərinə xidmət edən birgə elmi-tədqiqatların aparılması institutun fəaliyyətində başlıca hədəflərdəndir.

Akademikin sözlərinə görə, rəhbərlik etdiyi qurum müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak edir və elektron elmin formalaşdırılmasına mütəmadi olaraq dəstək göstərir.

AzScienceNet şəbəkəsinin fəaliyyəti haqqında məlumat verən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söylədi. Bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdirlər. Alim Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edərək burada hesablama və yaddaş resurslarından istifadə yolu ilə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğuladı.  

İnstitutun Tədris-İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verən mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova AMEA-nın magistrlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün  informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkili, eləcə də ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstəyin göstərilməsinin həyata keçirildiyini, informasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Vurğuladı ki, Tədris-İnnovasiya Mərkəzinin nəzdində iki mərkəz fəaliyyət göstərir: Distant Tədris Mərkəzi və Wiki-Mərkəz.

AMEA-nın prezidenti institutun ən müasir texnologiyalarla təchiz edilmiş Multimedia Mərkəzi və “İnternet Kafe” ilə tanış oldu.

Akademik Ramiz Mehdiyev institutda yaradılmış şəraiti yüksək qiymətləndirdi və təkliflərini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.