18.10.2021, 13:48, Maraqlı məlumat

Oxunma sayı: 185

Bitki yarpaqlarının xəstəliklərini müəyyən etmək üçün yanaşma işlənilib

AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının “Dərin model əsasında bitki xəstəliklərinin aşkarlanması” (“Plant disease detection based on a deep model”) (https://doi.org/10.1007/s00500-021-06176-4) adlı məqaləsi nüfuzlu “Soft Computing”  jurnalında dərc olunub. “Web of Science” bazasında indeksləşən jurnalın impakt faktoru 3.643-ə bərabərdir.

Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat və hazırda Çin Xalq Respublikası Tsinghua Universitetinin tələbəsi olan Ruslan Bayramovdur.

Tədqiqat çərçivəsində bitki yarpaqlarının xəstəliklərini müəyyən etmək üçün yanaşma işlənmişdir. Yanaşma dərin konvolusiya neyron şəbəkəsinə (convolutional neural network, CNN) və idarə edilən rekurrent neyron  şəbəkələrə (gated recurrent unit, GRU) əsaslanır. Təklif olunan modeli öyrətmək və yanaşmanın effektivliyini qiymətləndirmək üçün yarpaq şəkillərinin böyük həcmli toplusundan istifadə olunmuşdur. CNN+GRU modelinin öncədən öyrədilmiş VGGNet-16 və ResNet-20 dərin neyron şəbəkələri ilə eksperimental müqayisəsi də aparılmışdır. Eksperimental nəticələr göstərir ki, təklif edilmiş CNN+GRU modeli bitkilərdə geniş yayılmış yarpaq xəstəliklərini yüksək dəqiqliklə müəyyən edə bilir.

Qeyd edək ki, 2020-ci ildə Akademik Z.Əliyeva adına liseyin şagirdi olan Ruslan Bayramov bu ideyaları mobil robotda reallaşdırmış və həmin işinə görə “Sabahın alimləri” IX Respublika müsabiqəsinin kompüter elmləri üzrə qaliblərindən olmuşdu və ölkəmizi ABŞ-da keçirilən ISEF müsabiqəsində təmsil etmək hüququ qazanmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.