01.04.2022, 12:20, Seminarlar, İclaslar

Oxunma sayı: 66

İnformatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsilə yüksəldilməsi üçün yeni yanaşma işlənilib

Təhsil sisteminin modernləşdirilməsi, təhsil alanların intellektual səviyyəsinin, həyati bacarıqlarının təkmilləşdirilməsi, informasiya texnologiyalarının sürətli inkişafı, onlardan tədris məqsədli istifadə üçün yeni imkanların yaranması müasir dövrdə böyük aktuallıq kəsb edir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin “İntellektual oyunlardan istifadə informatika təlimi keyfiyyətini yüksəltməyin vasitəsi kimi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminarında məlumat verilib.

Tədqiqat işini institutun dissertantı Bahar İsmayılova təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırıb. Dissertasiya işinin strukturu haqqında məlumat verən məruzəçi bildirib ki, tədqiqat işi giriş, 2 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

O, dissertasiya işinin məqsədinin təhsilin informasiyalaşdırılması kontekstində ümumtəhsil məktəblərində informatika fənninin tədrisi keyfiyyətinin yüksəldilməsinə tədrisyönümlü intellektual oyunlardan, krossvorddan istifadənin effektiv təsirinin əsaslandırılmasından, onların dərs prosesinə, sinifdənxaric, məktəbdənkənar fəaliyyətə tətbiqi texnologiyasının, metodikasının, modelin işlənməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Sonra tədqiqatın metodiki yeniliyi haqqında məlumat verən B.İsmayılova informatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsilə yüksəldilməsi üçün yeni yanaşma - metodika, texnologiya, model işləndiyini, təklif edilmiş metodika, model əsasında şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün iyerarxik kriteriyalar sisteminin hazırlandığını vurğulayıb.

“Dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün ümumtəhsil məktəblərində informatika fənninin tədrisi vəziyyətinin araşdırılması və poblemlərin müəyyən edilməsi, informatika fənninin intellektual oyunlar vasitəsilə tədrisinin pedaqoji-psixoloji aspektlərinin araşdırılması, informatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsi ilə yüksəldilməsi üçün metodikanın, texnologiyanın, modelin işlənməsi və s. məsələlərə baxılmışdır”, - deyə məruzəçi əlavə edib.

B.İsmayılova seminarda Gilford modeli, intellektin ölçülməsi, insan fəaliyyətinin növlərindən də bəhs edib, məşhur psixoloq, tədqiqatçı və pedaqoqların oyun fəaliyyətinin vacibliyi haqqında fikirlərini diqqətə çatdırıb. Əlavə edib ki, bu oyunlar didaktik, intellektual, işgüzar, kompüter, idman, hərbi və rollu olmaqla təsnif edilir. İntellektual oyunların funksiyalarına isə diaqnostik qiymətləndirmə, millətlərarası ünsiyyət, sosiallaşma, psixotreninq və s. daxildir.

Kompüter oyunları haqqında söhbət açan tədqiqatçı bir sıra oyunlar, onların yaranma tarixi ilə bağlı məlumat verib. Bildirib ki, bu oyunlar əyləncə, ictimai təhsil, proqnozlaşdırma, ictimai təsir və s. kimi ehtiyaclardan yaranmışdır.

Daha sonra o, məktəb informatika kursunun xüsusiyyətləri, ümumtəhsil məktəblərində informatika fənninin tədrisinin aktual problemlərindən danışıb: “Bu problemlərə müəllimlərdə oyun fəaliyyətinin planlaşdırılması və tədris prosesinə inteqrasiya bacarığının zəif olması, oyun texnologiyalarından istifadə metodikasının olmaması, dərsdə daha çox oyunlara həvəs, öyrənmə motivasiyasının, terminləri oxuyub-anlama, analiz, sintez bacarıqlarıının qənaətbəxş olmaması, müxtəlif siniflər üzrə tədrisyönümlü intellektual oyunlara aid metodik, didaktik vəsaitlərin azlığı və s. daxildir”.

Sonda B.İsmayılova ümumtəhsil məktəblərində informatika fənninin tədrisi ilə bağlı problemlərin müəyyən edildiyini, informatika fənninin intellektual oyunlar vasitəsilə tədrisinin pedaqoji-psixoloji aspektlərinin araşdırıldığını, informatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsi ilə yüksəldilməsi üçün yeni yanaşma - metodika, texnologiya, model işləndiyini, təklif olunmuş metodikanın səmərəliliyinin və tətbiqi imkanlarının yoxlanılması üçün pedaqoji-psixoloji eksperiment aparıldığını və nəticələrin təhlil olunduğunu qeyd edib.

Dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.