Ana səhifə->Distant tədris

DİSTANT TƏDRİS

Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantların lazımi İKT biliklərinə yiyələnməsini təmin etmək üçün ən müasir texnologiyalar əsasında formalaşan innovativ mühit yaradılmışdır. Burada elmi tədqiqatçılara institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən informatika fənni üzrə nəzəri və praktiki dərslər tədris edilir.
Bildiyimiz kimi, ölkədə distant təhsilin tətbiqinin genişləndirilməsi informasiya cəmiyyətinin inkişafına, təhsilin informasiyalaşdırılmasına dair dövlət siyasətinin tərkib hissəsidir. İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində distant tədris 2011-ci ildən etibarən uğurla tətbiq olunur. Belə ki, mərkəzin nəzdində Distant Tədris Mərkəzi yaradılmış və AMEA-nın Gəncə bölməsində, AMEA-nın Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində Distant Tədris Mərkəzinin filialları yaradılmışdır. Gəncə və Naxçıvanda yaşayan elmi tədqiqatçılar İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində İnformatika fənnindən tədris edilən dərsləri məsafədən dinləyirlər.
AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq Sərəncamına əsasən, 2016-cı ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları (test texnologiyaları əsasında) İnternet üzərindən distant formada keçirilir. 27-29 yanvar 2016-cı il tarixlərində ilk dəfə Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları distant formada qəbul edilib. İmtahanlarda Gəncədən 64, Naxçıvandan isə 24 doktorant və dissertant iştirak edirdi.
Artıq Naxçıvan Muxtar Respublikasında, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlar öz yaşayış yerlərini tərk etmədən “İnformatika” fənnindən təşkil edilmiş kurslarda iştirak edir və imtahan verirlər. İmtahan prosesinə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi və rəhbərlik tərəfindən onlayn rejimdə məsafədən nəzarət edilir.