Ana səhifə->Əməliyyat sistemlərinin dəyişdirilməsi

Əməliyyat sistemləri

 

Əməliyyat sistemi sistem proqram təminatının əsasını təşkil edir və fərdi kompüterlərin vacib elementlərindən biridir. O kompüter qoşulduqda BİOS-dan sonra işə düşən, kompüterin bütün hissələrinin işləməsinin bütövlüyünü təmin edən və informasiyanı idarə edən proqram təminatıdır, məlumatın saxlanması və emalını idarə etməklə yanaşı istifadəçi üçün də interfeysə malikdir. Əməliyyat sisteminin köməyi ilə kompüter və istifadəçi arasında dialoq yaranır, əməli və daimi yaddaş qurğuları işə qoşulur, kompüter idarə olunur, istənilən proqram işə düşür.

Fərdi kompüterlərdə istifadə olunan əməliyyat sistemlərinə aşağıdakıları misal çəkə bilərik: Linux, Windows, Mac OS, Chrome OS, Amiga OS, UNIX, DOS, MS DOS, OS/2.

Fərdi kompüterlərdə Mac OS, Linux və Microsoft şirkətinin məhsulu olan Windows əməliyyat sistemləri daha geniş istifadə olunur.   

Mac OS (Macintosh Operating System) - Apple Computer şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. İlk qrafik interfeysə malik olan sistemdir. Mac OS sistemini ümumi olaraq iki hissəyə bölmək olar: Mac OS Classic və Mac OS X.  Mac OS X UNİX üzərində yaradıldığı üçün çox stabil və təhlükəsizdir.

Linux - Açıq kodlu, sərbəst paylanan bir əməliyyat sistemidir. Linuxun yaradıcısı, Linus Torvaldsdır. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux superkompüterlərdə, masaüstü və dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s. kimi bütün platformalarda işləyir.

Windows- Microsoft şirkəti tərəfindən yaradılan və hal hazırda dünyada ən çox istifadə olunan əməliyyat sistemidir. İnteqrasiya mühiti üçün xarakterik olan mətn və qrafik redaktorlar, verilənlər bazası və s. kimi proqramlara malik olmaqla yanaşı Windows sistemi öz şəxsi proqramlarını yaratmağa imkan verən geniş proqram təminatı dəstəyinə malikdir. İstifadə olunmasına görə Mac OS Windowsdan sonra ikinci yeri tutur. Windows əməliyyat sisteminin 95, 98 , 2000 , XP , Vista , 7 , 8.1 , 10 kimi versiyaları daha geniş yayılmışdır.

Windows əməliyyat sistemlərinin üstün cəhətləri:

Yüksək etibarlılığı və asan idarə olunması;
Aparat vasitələrinin yoxlanması;
İnternetə böyük daxili inteqrasiya;
İstifadənin yüngüllüyü və rahatlığı.
 

Mobil sektorda isə (smartfon və planşetlərdə) Android və İOS əməliyyat sistemləri daha geniş yayılmışdır.

Android - Smartfonlar, planşetlər, kompüterlər, televizorlar və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir. Gələcəkdə avtomobillərin də dəstəklənməsi planlaşırılır. Əvvəlcə Android İnc. şirkəti tərəfindən inkişaf etdirilib, daha sonralar Google şirkəti tərəfindən alınmışdır.

İOS (24 iyun 2010-cu ilə qədər iPhone OS) - Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemidir. 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfindən istehsal edilən qurğular tərəfindən dəstəklənir.