Oxunma sayı: 219

İmamverdiyev Yadigar

Yadigar Nəsib oğlu İmamverdiyev 1964-cü ildə anadan olmuşdur.

1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsinin tətbiqi riyaziyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 

1989-1997-ci illərdə müxtəlif tədris müəssisələrində riyaziyyat və informatika müəllimi vəzifəsində işləmişdir. 

1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə (indiki AMEA İnformasiya Texnologiyaları İnstitutu) işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 

2006-cı ildə “Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru adını almışdır. 

Hazırda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır.

“Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında” qanun layihələrinin işlənilməsində Milli Məclisdə təşkil edilmiş işçi qruplarda yaxından iştirak etmişdir. Azərbaycan Respublikasında elektron imza infrastruktunun və biometrik eyniləşdirmə sisteminin yaradılması məsələlərinə həsr edilmiş bir sıra elmi-populyar məqalələrin müəllifidir. 

“Rəqəm imzası texnologiyası”, “Kriptoqrafiyanın əsasları”, “Kriptoqrafiya tarixi”, “Biometrik texnologiyalar”, “Sosial şəbəkələr” və “İnformasiya təhlükəsizliyi insidentləri”, “İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti”, “Nitq texnologiyaları terminlərinin izahlı lüğəti” kitablarının həmmüəllifidir. 

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 141, xaricdə çıxmış elmi əsərlərin sayı 58-dir. 

Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olmuşdur.

Bir fəlsəfə doktoru hazırlamışdır. Hazırda 4 doktorant və dissertantın elmi rəhbəridir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

2014-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsinin qalibi olub. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə “3-cü birgə İKT üzrə mükafat müsabiqəsi”ndə “Barmaq izlərinin tekstur deskriptorları əsasında biometrik kriptosistemlərin qurulması” məqaləsinə görə 3-cü yerə layiq görülüb.

2014-cü ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub. 

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. 

2005-ci ildən institutda şöbə müdiri vəzifəsində işləyir. 

 

 Elmi əsərləri haqqında məlumat

Xidməti tel.: (994 12) 5104253
Ev tel.: (994 12) 4273940
Elektron poçtu: yadigar@iit.science.az